воскресенье, 24 апреля 2011 г.

Düşüncələr


Həyat… Qulağa necə də xoş səslənir… Kimliyindən asılı olmayaraq heç kəs həyatda sevməkdən və yaşamaq eşqindən bezməz…   Hər insan həyatını bir cür yaşayır. Hərə həyatdan bir cür zövq alır. Özünə müəyyən məşğuliyyət seçir… Mənim isə sahib olduğum tək şey… Tənhalığım və düşüncələrim . Hamı təklikdən qaçır, amma mən hər zaman təkliyə üstünlük vermişəm. Ən yaxın həmdəmim… Tənhalığım… və bizi heç vaxt tək buraxmayan düşüncələrim. Həyatımın yarıdan çoxunu düşünərək keçirmişəm… Düşünürəm… Hər zaman fikirli oluram. Bəzən heç özümdə bilmirəm ki, nəyi fikirləşirəm. Məni fikirli görən insanlar dəyişməymi istəyirlər… Amma onlar yaşananları hardan bilsinlər, ” Kiminsə dərdini anlamaq üçün o dərdi yaşamalısan “, onda onlar məni heç bir zaman anlamayacaqlar. Axı onlar mənim yaşadıqlarmı yaşamayıblar.   Bəzən kim olduğumu düşünürəm… Özüm özümə sual verirəm: Görəsən mən kiməm? Cavab isə nəticəsizdir. Sadəcə adımı blirəm… Hər şeyi düşünürəm. Bəzən çəkilib bir kənara xəyallara dalıram… Artıq həyatımın ayrılmaz bir hissəsi olan düşüncələrim… Məni məndən alan düşüncələrim…    Fərqli həyatda, fərqli düşüncələrim… Hər şey haqqında düşünürəm… Keçmişim, bu günüm və gələcəyim haqqında, nə keçmişimi bilirəm, nə də gələcəyimi. Həyatımı düşünməklə kor-koranə keçirirəm… Sadəcə bu günümdən xəbərdaram; Axı niyə? Nəyə görə? Hər şeydən xəbərsiz olmağımın günahkarı kimdir? Mənim vəzifəm nədir? Haqsızlıqların baş alıb getdiyi bu cəmiyyətdə tutduğum mövqe hansıdır?… Bütün bu sualları hər gecə özüm-özümə verirəm. Axı nə vaxta kimi suallar qarşısında aciz qalmaq olar?    Düçüncələrim… Günün müxtəlif saatlarında yanımda olan düşüncələrim varlığımı, bəzən də yoxluğumu hiss etdirən düşüncələrim… Məni tək buraxmayan düşüncələrim… Hər zaman düşüncələrlə fikrə dalıram… Göz yaşları ilə birlikdə. Gecələr ağlayıram, düşünürəm. Bəlkə də düşünmək üçün gecəni seçirəm. Səssiz, kimsəsiz və qaranlıq gecəni.Gecələr tək qalmağa üstünlük verirəm. Çünki, onlar mənə kömək edir. Məni düşünməyə vadar edir. Göz yaşlarımı gizlətməyimə kömək edir.    Axan göz yaşlarım… Bəzən məni ümidləndirir, bəzən də bütün ümidlərimi yox edir.Ümidlərim nurlu sabah… Ümidsizliyim zülmət gecə… Mən hər günü yaşayıram. Hər gündə həm gecəni, həm də gündüzü… Düşünürəm…Düşündükcə səhərləri kədərlənir, gecələri isə sevinirəm… Düşüncələrim məni bəzən kədərləndirir, bəzən də sevindirir. Sənsən mənə səhərlər gecənin, gecələrsə səhərin gələcəyini xatırladan … Sənsən mənə ümidsizlikdən ümidlərimin, ümidlərimdən isə ümidsizliyimin doğulduğunu xatırladan.Sənsən məni bəzən kədərdən daşındıran, Bəzən də kədərə qərq edən… Mən səninlə doğuldum, səninlə varam və səninlə öləcəm… Bəzən məni mən edən, bəzən də məni mənsizliyimlə tək buraxan düşüncələrim. Məni məndəki mənlə danışdıran düşüncələrim. Düşüncələrim və xəyallarım fərqlidir. Hər kəs kimi.. insanlar kimi. Onlu və onsuz günlərimi düşünürəm. Məni düşüncə ümmanına sürükləyən də məhz odur.   Xəyallarım…Məni cavabsız suallarla məhv edir. Axı mən kimi fikirləşirəm? Nəyə görə fikirləşirəm? Nə ehtiyac var buna? Bu sualları özüm-özümə verirəm. Elə vaxtlar olur ki, bir daha düşünməyəcəyəm deyirəm. Cəhd edirəm… Ancaq bunu etmək qeyri-mümkündür. Sanki kimisə düşünmək, xəyallara dalmaq, taleyimə yazılıb. Başdan başa cismimə həkk olunub.Düşünmək…Təkrar xəyallara qərq olmaq. Kədərlənmək.
   Bu düşüncələrlə özümə əzab verdiyimi düşünürəm. Bəzən bunlar mənə təsəlli verir. Gələcəyimi düşünməyə başlayıram. Bəzən isə heç gələcəyimi görmək istəmirəm…   Düşünməmək əlimdə deyil, istəsəmdə bundan qaça bilmirəm. Artıq bu mənim üçün məşğuliyyətə çevrilib. Qaçmaq istəyirəm… Hamıdan… Hər şeydən… Özümü belə görmək istəmirəm.     Bu şəhərin xatirələri… Məni sanki dəli edir. Hər dəfə bu haqda düşünəndə həmin anları bir daha yaşamış kimi oluram. Bir daha xəyallara dalıram. Gözlərim yenə də yaşla dolur.    Bu düşüncələr bir az real, bir az xəyal… Məni seçim qarşısında qoyur, seçmək isə çətindir. Səhv edəcəyimdən qorxuram. Onsuzda həyatımda çox səhvlər etmişəm, səhvimin ucbatından çox şey itirmişəm. Hətta ən yaxın dostlarım belə, məni bir səhvimə görə tənha qoyublar… bir də səhvləri təkrar edəcəyimdən qorxuram…     Düşünürəm… Səhvlərimin buraxdığı izləri necə siləcəyimi, qarşıda həmin səhvləri etmə ehtimalımı düşünürəm…      Onunla birlikdə…    Sadəcə ikimiz olan bir yerə getmək istəyirəm… Elə bir yerə ki, orada bizi narahat edən kimsə yoxdur… Amma…     O mənimlə getmək istəmədi. Məni həyat yolunda tək buraxdı… Axı niyə? Səbəbsiz? Bəlkə də səbəb var, mən bilmirəm… Bəlkə də heç səbəb yoxdur. Tənhalığımı bir kənara qoyduğumu düşünürəm. Amma yanılmışam. Təklik mənim taleyimdi.    Tənhalıq və düşüncələr…  Göz yaşlarımı saxlaya bilmirəm. Hər kəsdən gizlədirəm… Tək qalmağa yer axtarıram…        Həyat… Hər şeyimi əlimdən alır. Xoşbəxtliyimi, varlığımı, sevgimi… Hətta tənhalığımı belə.   Bu bir sınaqdırmı? Hər kəsmi bu cür sınağa çəkilir?Yoxsa sadəcə mənəmmi? Axı nəyə görə? Hansı günahıma görə? Yenə cavabsz suallar:…       Suallar qarşısında yenə də acizəm. Gülürəm, danışıram… Amma sadəcə zahirdə. Batində isə nələr fikirləşdiyimi, nələr çəkdiyimi mən və dərdimə şərik olan qaranlıq gecələr bilir…Bəzən elə anlar olur ki, heç nə yazmayacağımı fikirləşirəm. Amma heçnə alınmır. Hiss etdiklərimi, düşüncələrimi, danışacaq kimsə olmadığından düşüncələrimi ağ vərəqlərə yazıram.        Bəzən nə yazacağımı, hardan başlayacağımı bilmirəm. Yazılası o qədər məfumlar var ki, əgər yazmaq istəsəm gərək illərimi sərf edim.    Həyat əzab-əziyyətlərlə və qəribəliklərlə doludur. Mənə zülm edən həyatdan isə artıq bu qədər bəsdir…       
By_Z.I

“Yazılmış” tale


Bəzən insanlar öz aralarında söhbət edərkən “vəfasız dünya”, “ amansız həyat” kimi ifadələr işlədirlər. Görəsən həqiqətən dünya vəfasızdır? Yoxsa dünyanı vəfasız kimi qələmə verən biz insanlarıq? Yox məncə hər şey dünyanın əşrəfi sayılan insandan aslıdır. İnsanlar hər bir əməli yerinə yetirirlər. Əlləri qapı arasında qalanda isə dünyanın vəfasız olduğundan gileylənirlər. Məsələn: Bir-birlərini sevən iki gənc hər əzab-əziyyətə dözürlər. Hətta sevgiləri naminə valideynlərinin sözlərindən də çıxırlar. Amma sonda tərəflər biri gəlib ayrılmaq istədiyini deyir. Digər tərəfdə “ Onu məcbur edən nəsə var. Dünya vəfasızdır” deyib bütün günahı taleyin, həyatın üstünə atır. Sizcə burda əsl günahkar kimdir? O insan, yoxsa onu vadar edən həyat? Yəqin ki, bir çoxlarınız deyəcəksəniz ki, həyat belədir. Taleləri belə yazılıb. Amma burda tək bir günahkar var. O da həmin şəxs. Bəzən deyirlər ki, axı taleyi dəyişmək olmaz. Bəli, bunda hardasa bir az həqiqət var. Amma insanın həyatı da öz əlindədir. Əgər bu gün tərəflərdən biri öz sevgisindən əl çəkirsə, burada taleyi günahlandırmaq olmaz. Çünki, o istəsə bunu etməyədə bilərdi. Onun taleyi öz əlindədir. Həyatını ona nəzərən qurmalıdır. İndi siz deyin burda günahkar kimdir?
Həyat yoxsa insan?
Həyatımızda nə pis hadisə olursa, taleyin üsstünə yıxırıq. Deyirik “nə edək taleyimiz belə imiş”. Daha fikirləşmirik ki, taleyimizi bərbad hala salan da elə özümüzük. Bəlkə yerinə düşməyəcək amma burda dinə toxunmaqda olar. Deyirlər insanın taleyi doğulmamışdan yazılır. Bu belə olmaya da bilər. Allah (c.c) insanın doğum və ölüm tarixini qeyd edir. İnsan isə bu iki nöqtə arasında özü istədiyi kimi xətt cızır. Uca yaradan istəməz ki, istədiyi bəndələri pis insan kimi yetişsinlər. Əgər tale əvəlcədən yazılsaydı onda yaradan hamını yaxşı insan kimi yaradardı. Yəni qısaca olaraq belə nəticəyə gəlmək olar ki, hər bir insanın taleyi öz əlindədir. Həyatımızda baş verən hər bir hadisəni tale ilə əlaqləndirmək olmaz. Bu gün neçə illik ailə dağılır. Onlar isə “ həyat amansızdır” deyib, həyatlarından şikayət edirlər. Daha fikirləşmirlər ki, həyatlarını amansız və dözülməz hala çatdıran məhz həmin ailənin üzvləridir. Bəs necə olur ki, hər hansı bir şəxs uğur əldə edəndə fəxrlə deyir:-Bunların hamsını mən özüm əldə etmişəm . Amma nə isə bir problem baş verərsə, o dəqiqə qismətinin belə olduğunu deyir. Allah (c.c) istəmədi, mənim həyatım belə yazılıb, deyilir. Öz fikrində yazılmış həyatını, “cızılmış tale yolu”nu günahlandırır. İndi isə siz deyin . Kimdir vəfasız? Kimdir amansız? Həyatmı insanlarmı?
By_Z.İ

Yuxuları tərk et


Nə səsini gözləyirəm
Nə də yenidən sevgini
Nə gözünü özləyirəm
Nə darıxan ürəyini.
Nə üzünü
Nə ruhunu
Nə sözünü.
Yalvarıram tərk et artıq
Yuxuları və ismimi
Xəyalları, arzuları…
Hər unutdum sandığım gün
Röyamdan sənlə dururam
Ruhunu hiss edir qəlbim
Tanrım mən dəli oluram
Sevgidir bu?
Bəlkə də hə, bəlkə də yox
Yalvarıram hər nə isə
Tərk et məni röyada da.
Çıx get, çıx get cismin təki uzaqlara.
Hansı dünyada yaşadıq
Ayrılıqda biz yaşlandıq
Xeyirli yol axtararkən
Ayrı yollara boylandıq
Sən uzağa, mən yaxına
Sən yaxına mən uzağa.
Biz birgə addımlamadıq
Sən yoxuşa, mən enişə
Mən zirvəyə, sən dərəyə.
Qınamasın qınamasın bizi kimsə
Tale saldı öz yolunda sınağ izə…

(19.04.2011 Z.M)